ElmGündəmUniversitet həyatı

BDU-də elmi seminar keçirilib

26 may 2025-ci il tarixində Fizika fakültəsi Bərk cisimlər fizikası kafedrasının növbəti elmi seminarı keçirilib. Seminarda kafedranın müəllimi Rağib Dəmirov “Manqan ionları ilə aşqarlanmış yarımmaqnit yarımkeçirici ifratqəfəslərin termodinamik xassələri” mövzusunda məruzə edib.
Məruzəçi, tədqiqat işində manqan ionları ilə aşqarlanmış yarımmaqnit yarımkeçirici ifratqəfəslərin termodinamik xassələri nəzəri tədqiq edildiyini bildirib. Gibbsin böyük termodinamik potensial metodundan istifadə edilərək spin parçalanması və mübadilə qarşılıqlı təsiri nəzərə alan hədlərin daxil olduğu enerji spektri əsasında yarımmaqnit yarımkeçirici ifratqəfəslərin entropiyası və maqnitlənmə əmsalı hesablanıb. Entropiya üçün tapılmış ümumi ifadə əsasında temperaturun və maqnit sahəsinin müxtəlif limit halları nəzəri cəhətdən tədqiq edilib və bu hallar üçün entropiyanın bu kəmiyyətlərdən qrafik asılılıqları qurulub. Müəyyən edilib ki, aşağı temperatur halı ilə müqayisədə yüksək temperaturlar üçün daha çox enerji halları əlçatan olduğundan entropiya daha sürətlə artır. Yüksək temperaturlar halında entropiyanın belə artması ona maqnit sahəsi, yükdaşıyıcıların effektiv kütləsi və kimyəvi potensialı kimi faktorların təsiri ilə izah olunur. Müəyyən edilib ki, güclü maqnit sahəsində sahənin qiyməti artdıqca sistemin enerji səviyyələri daha çox kvantlanır və bu da öz növbəsində entropiyanın dəyişməsinə səbəb olur. Yarımmaqnit yarımkeçirici ifratqəfəslərin maqnit xassələri tədqiq edilərkən aşkar edilib ki, minizonanın dolma dərəcəsindən, aşqarın molyar konsentrasiyasından, mübadilə qarşılıqlı təsir sabitindən və spin parçalanması faktorundan asılı olaraq kvaziikiölçülü elektron qazının maqnitlənmə əmsalı işarəsini dəyişir və ikiölçülü halda müsbət olur. Xarici maqnit sahəsində maqnitlənmə əmsalının ossilyasiya etdiyi təyin olunub. Belə ki, güclü sahələrdə bu ossilyasiyalar zəifləyir və onların amplitudu və tezliyi azalır. Maqnitlənmə əmsalına maqnit aşqarının verdiyi pay da hesablanıb. Göstərilib ki, zəif maqnit sahəsində aşqarla bağlı olan maqnitlənmə əmsalı xətti olaraq artır və müəyyən şərtdə mübadilə qarşılıqlı təsir sabitindən və aşqarın molyar konsentrasiyasından asılı olaraq işarəsini dəyişir.
Seminarın sonunda məruzə ətrafında müzakirələr aparılaraq, seminar iştirakçıları tərəfindən verilən suallar cavablandırılıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *