GündəmKollec xəbərləriÖnə çıxan xəbərlərUniversitet həyatı

BMU-İNHA İDP tələbələri Bitget Hackathon – Startap Müsabiqəsində II yerə layiq görülüblər

Mayın 17-də Azərbaycan Texniki Universitetində (AzTu) “Bitget Hackathon – Startap” müsabiqəsinin yekun mərhələsi keçirildi. Müsabiqəyə AzTU, Bakı Mühəndislik Universiteti (BMU) və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) tələbələrindən ibarət komandalar qatılaraq, “Blockchain”, “Kriptovalyuta”, “Süni İntellekt” və “Data Analitika” mövzuları üzrə 30-a yaxın startap layihəsini təqdim edilmişdi. Onlardan 19 layihə final mərhələsinə keçərək geniş təqdimat formatında nümayiş etdirildi. Layihələr 5 əsas meyar – komanda və təqdimat bacarığı, ideya, texniki əsaslandırma, praktiki tətbiq imkanı, kommersiya potensialı üzrə peşəkar münsiflər heyəti (Osman Gündüz, Elnur Quliyev, Orxan Əhmədov və Aytən Mövsümova) tərəfindən qiymətləndirildi.

Bakı Mühəndislik Universitetində (BMU) Koreyanın İNHA Universiteti ilə birgə icra edilən ikili diplom proqramının (BMU-İNHA İDP) İnformasiya texnologiyaları ixtisasının üçüncü kurs tələbələri (Əmrah Şərbətzadə, Tural Əliyev, Məhərrəm Davidov, Emil Əkbərli, Qədir Rəhmətov, Ramal Alisgəndərov, Yusif Yusubzadə) “Bitget Hackathon – Startap” müsabiqəsinin final mərhələsində II yerin qalibi olublar. Gərgin rəqabət və yüksək səviyyəli təqdimatlar nəticəsində II yerin qalibi olan komanda 1.000 ABŞ dollar ilə mükafatlandırılıb.

Komanda tərəfindən hazırlanmış “RugShield” platforması süni intellekt texnologiyası vasitəsilə blockchain və sosial siqnalları təhlil edərək istifadəçiləri potensial fırıldaq tokenlər barədə vaxtında xəbərdar edir.

Layihənin mentorluğunu Bakı Mühəndislik Universitetinin müəllimi Ərtuğrul Qayıbov həyata keçirib. Onun rəhbərliyi ilə BMU-İNHA İDP tələbələri innovativ yanaşma və peşəkar hazırlığını nümayiş etdirərək yüksək nəticə əldə ediblər

Tədbirin təşkilatçıları olan AzTu və Bitget platforması, bu hackathon vasitəsilə Azərbaycanda startap ekosistemi və rəqəmsal texnologiyaların inkişafına dəstəyini nümayiş etdirdi. Bu cür təşəbbüslər gənclərin texnoloji biliklərini yalnız nəzəriyyədə deyil, real layihələr və biznes yönümlü məhsullara inteqrasiya edilməsinə imkan yaradır. Belə tədbirlər, gənclərin teorik biliklərini real texnoloji layihələrə çevirməsi, komanda ruhu formalaşdırması və qlobal texnologiya sektoruna çıxması üçün zəruri zəmin yaradır.

  BMU-İNHA İDP tələbələrinin bu uğuru onların elmi-tədqiqat və texnoloji yeniliklər sahəsindəki səylərini bir daha təsdiqləyir. Komandamızı səmimi qəlbdən təbrik edir, gələcək layihələrində və akademik fəaliyyətlərində uğurlar arzulayırıq!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *