“Qərbi Azərbaycan – Tarixi və Maarif Xadimləri” mövzusunda tədbir keçirilib
“Qərbi Azərbaycan – Tarixi və Maarif Xadimləri” mövzusunda tədbir keçirilib
20 .05.2025-ci il tarixində Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci Publik Hüquqi Şəxsin, Qərbi Azərbaycan İcmasının Şirvan nümayəndəliyinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan – Tarixi və Maarif Xadimləri” mövzusunda tədbir keçirilib.
Tədbiri Kollecin tərbiyə işləri üzrə direktor müavini Aidə Əsədova açıq elan edib. Dövlət himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin, qəhrəman şəhidlərimizin və yurd-yuvasından didərgin düşmüş, yurd həsrəti ilə dünyasını dəyişmiş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Qərbi Azərbaycan İcmasının Şirvan nümayəndəliyinin üzvləri, şəhər ziyalıları, Kollecin müəllim və tələbə heyəti iştirak ediblər.
Çıxış edənlər arasında Kollecin direktoru Xatirə Məlikova, direktor müavini Aidə Əsədova, Qərbi Azərbaycan İcmasının Şirvan nümayəndəliyinin sədri Barxudar Barxudarov, müavini Əziz Abbasov, Qiymətləndirmə və Monitorinq şöbəsinin müdiri Yeganə Müslümova, 3 saylı əyani şöbənin müdiri Gülnarə İbrahimova və ədəbiyyat müəllimi Günel Abdullayeva olub. Onlar Qərbi Azərbaycanın tarixi, maarif və ziyalı mühiti, bu torpaqlardan çıxmış tanınmış şəxsiyyətlər, Şirvan Şəhərinin Qərbi Azərbaycanlı ziyalıları – Vəli Ələkbərov, İsmayıl Barxudarov, Nəriman Həziyev, Mais Qarayev, Bulud Xanəliyev, Aqil Müslümov, Dursun Əliyev haqqında səmimi çıxışlar ediblər.
Tədbirdə qeyd olunub ki, Qərbi Azərbaycan təkcə coğrafi məkan deyil, bir xalqın tarixini, mədəniyyətini və kimliyini özündə ehtiva edir. Bu bölgələrdə – Göyçə, Zəngəzur, Vedibasar, Dərələyəz, İrəvan və digər ərazilərdə əsrlərlə yaşamış azərbaycanlılar öz zəngin mədəniyyətləri ilə seçiliblər. Lakin 1828-ci ildən başlayaraq azərbaycanlılara qarşı aparılan siyasət nəticəsində bu bölgələrdən kütləvi deportasiyalar baş verib.
1988-ci ildən sonra isə Ermənistandakı 250 minə yaxın azərbaycanlı tamamilə ölkədən çıxarılıb. Bu, yalnız etnik təmizləmə deyil, həm də mədəni soyqırımı kimi qiymətləndirilir.
Hazırda Qərbi Azərbaycan İcması bu məsələnin beynəlxalq səviyyədə tanıdılması və sülh yolu ilə qayıdışın təmin olunması istiqamətində fəaliyyət göstərir.
Tədbirin sonunda qonaqlardan Tamerlan Əliyev, 21 saylı orta məktəbin direktoru Səadət Quliyeva və Vüqar Müslümov çıxış edərək öz valideynləri və müəllimləri haqqında səmimi xatirələrini bölüşüblər.
Kollec tələbələri və müəllimləri ədəbi-bədii kompozisiyalarla çıxış edərək tədbirə rəng qatıblar. Müəllimlər Sevda Həsənova və Gülnar Abdullayevanın rəhbərliyi ilə hazırlanan xor kollektivi musiqi nömrələri ilə tədbiri daha da mənalandırıb.
Sonda Qərbi Azərbaycanın tarixini əks etdirən sərgiyə baxış keçirilib və xatirə şəkli çəkilib.







