
Müasir dövrdə təhsilin missiyaları sırasında şagirdlərin sosial, mədəni və qlobal baxımdan formalaşmasını təmin etmək əsas yerdədir. Getdikcə daha çox mürəkkəbləşən və bir-biri ilə əlaqəli olan dünyamızda şagirdlərin yalnız milli kimliklə deyil, həm də qlobal vətəndaşlıq şüuru ilə yetişdirilməsi vacib məsələyə çevrilir. Qlobal vətəndaşlıq şagirdlərə müxtəlif mədəniyyətləri anlamaq, fərqliliklərə hörmətlə yanaşmaq, beynəlxalq əməkdaşlıqda fəal olmaq və qlobal problemlərə həssaslıqla yanaşmaq kimi bacarıqlar qazandırır.
Bəs ümumi orta təhsil pilləsində oxuyan şagirdləri dünyəvi düşüncəyə necə hazırlaya bilərik?
Əvvəla, məktəblər qlobal perspektivi kurikulumun əsas komponenti kimi qəbul etməlidir. Bu, fənn mündəricatına interkultural mövzuların inteqrasiyası, müxtəlif ölkələrin tarixi, coğrafiyası, mədəniyyəti və dəyərlərinin öyrədilməsi ilə başlaya bilər. Müxtəlif xalqların ədəbiyyatı, musiqisi, bayramları və dəyərləri şagirdlərə təqdim edilməli, “biz və onlar” ayrımından uzaq, ümumbəşəri humanist dəyərlər önə çəkilməlidir.
İkinci mühüm addım məktəblərin beynəlxalq proqramlara qoşulmasıdır. Erasmus+, eTwinning, və digər Avropa İttifaqı tərəfindən dəstəklənən layihələr Azərbaycan məktəblərinə beynəlxalq təcrübə qazanmaq üçün unikal imkanlar yaradır. eTwinning layihələri çərçivəsində müəllim və şagirdlər Avropanın müxtəlif ölkələrindən yaşıdları ilə onlayn platformada əməkdaşlıq edir, ortaq layihələr həyata keçirir və qarşılıqlı öyrənməni təşviq edirlər. Bu təcrübələr şagirdlərin dil bacarıqlarını və texnoloji savadlıqlarını inkişaf etdirməklə yanaşı, onları fərqli düşüncə tərzləri və mədəni kontekstlərlə tanış edir.
Üçüncü istiqamət – interkultural tədris modelləri və layihə əsaslı öyrənmə. Müəllimlər dərs prosesində müxtəlif mədəniyyətlərdən olan obrazları, hadisələri və problemləri əhatə edən tapşırıqlardan istifadə edə bilər. Məsələn, iqlim dəyişikliyi, gender bərabərliyi, insan hüquqları və qlobal ədalət kimi məsələlərə dair təqdimatlar, debatlar, qrup işləri təşkil olunaraq şagirdlərdə həm bilik, həm də empatiya hissi formalaşdırıla bilər.
Nəhayət, müəllimlərin peşəkar inkişafı da bu prosesin əsas tərkib hissəsidir. Müasir müəllimlər interkultural kompetensiyalara yiyələnməli, müxtəlif mənşəli şagirdlərlə effektiv işləmək bacarıqlarına sahib olmalıdır. Beynəlxalq təlim və mübadilə proqramlarında iştirak edən müəllimlər bu sahədə lider rolunu oynaya bilərlər.
Nəticə olaraq, şagirdləri dünyəvi düşüncəyə hazırlamaq, onları təkcə gələcəyin əmək bazarına deyil, həm də sosial məsuliyyətli və tolerant fərdlər kimi yetişdirmək deməkdir. Bu, yalnız fənn bilikləri ilə deyil, həm də qlobal şüur, əməkdaşlıq və anlayış əsasında həyata keçirilən bir təhsil yanaşması ilə mümkündür.